Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini aidiyyəti qurumlardan tələb edib. Prezident İlham Əliyev xüsusi olaraq təhsil sahəsində bu mübarizəni daha səmərəli təşkil etmək məqsədi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında bu məsələnin müzakirə olunmasını tapşırıb. Bununla bağlı komissiyanın 2013-cü il yanvarın 26-da təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibli iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə toxunub, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsinin çox mühüm olmasını qeyd edib. O, təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlərin olmasını vurğulayıb və bu halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğunu vacib sayıb.
Komissiyanın sədri ali təhsil müəssisələrində dekanlıqların məsuliyyətinin artırılmasını və şəffaflığın təmin olunmasını, kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması kimi məsələləri vurğulayıb və tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirib.
Tələbələrin ərizə və müraciətlərinin araşdırılmasından danışan Komissiya sədri universitetlərin idarə edilməsində tələbələrin ehtiyaclarının nəzərə alınması, sosial şəbəkələrdə təhsillə bağlı fikirlərinin təhlil edilməsi və buna adekvat tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub. Bundan əlavə, Komissiyanın sədri orta və texniki peşə təhsili sahəsində çatışmazlıqların qalmasını və bu barədə iradlarını iclas iştirakçılarına çatdırıb. İclasda xüsusi olaraq ali təhsil müəssisələrində müəllimlərin maaşlarının artırılması ilə bağlı fikirlərini qeyd edən Komissiyanın sədri ödənişli təhsildən daxil olan vəsaitlərdən müəllimlərin əmək haqlarına edilən əlavələr üzrə vahid qaydalara ehtiyac olmasını bildirib.
Komissiya sədri, həmçinin universitetlərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətinə toxunub, təşkilatların rəhbərliyinə nüfuzlu gənclərin cəlb olunmasını və onların fəaliyyətlərinin genişləndirilməsi üçün zəruri şəraitin yaradılmasını vurğulayıb. Sədr başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali təhsilin təşkili ilə bağlı məsələlər üzrə də ciddi iradları səsləndirib.
Komissiyanın sədri çıxışında ümumtəhsil məktəblərinin fəaliyyətində olan nöqsan və problemlərə geniş yer ayıraraq, əmin olduğunu bildirib ki, qısa müddətdə görülmüş tədbirlər nəticəsində bu sahədə dönüş yaranacaq.
İclasda çıxış edən təhsil naziri Misir Mərdanov ali təhsildə 2010-2011-ci təhsil ilindən tətbiq edilən yeni maliyyələşmə mexanizminin məqsədləri və səmərəsindən danışıb, qeyd edib ki, bu mexanizmin tətbiqi nəticəsində maliyyə vəsaitlərinin ayrılması prosesində şəffaflıq təmin edilib. Müəllimlərin işə qəbulu məsələsinə toxunan nazir qəbulun şəffaf və obyektiv keçirilməsini bildirib. O, 2012-ci ildə Təhsil Nazirliyinə 7156 şikayət daxil olması, onlardan 1734-nün müsbət həll edilməsi, 1924-ü ilə əlaqədar müvafiq izahat verilməsi, 1247 müraciətlə bağlı aidiyyəti üzrə tabe təşkilatlara tapşırıqlar verilməsi, 2251 müraciətin əsassız olması barədə məlumat verib. Nazir həyata keçirilən tədbirlər nəticəsində ali təhsil müəssisələrində imtahanlarda əvvəlki illərə nisbətən şəffaflıq və obyektivliyin xeyli artdığını, şikayətlərin sayının isə azaldığını bildirib.
İclasda çıxış edən Komissiyanın üzvü, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin təhsil sahəsini də əhatə etdiyini bildirib. O, təhsil idarəçiliyində korrupsiyaya şərait yaradan bir sıra halları qeyd edib və bu halların aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib. Komissiya üzvü, həmçinin informasiya-kommunikasiya sistemlərinin təhsilə inteqrasiyası ilə bağlı məsələlərə toxunub, yeni fəaliyyətə başlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin bir neçə ali təhsil müəssisəsində və orta məktəblərin yuxarı siniflərində tətbiq edilməsi barədə təklif verib.
Komissiyanın sədri sonda təhsildə informasiya texnologiyalarının tətbiqi məsələsini xüsusi olaraq vurğulayıb, bu vasitələrin tədrisin keyfiyyətinə və korrupsiyaya qarşı mübarizədə səmərəli alət olacağını qeyd edib.
İclasda, həmçinin çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva təhsil sahəsində korrupsiya hallarının qarşısının alınması üzrə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
İclasın sonunda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya müzakirə edilən məsələlər barədə qərar qəbul edib.