Təhsil Nazirliyindən məktəblilərə mükafat
17 aprel 2013 17:22 (UTC +04:00)

Təhsil Nazirliyindən məktəblilərə mükafat

Heydər Əliyev adına liseydə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent. az-ın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Q. Novruzov bildirib ki, Təhsil Nazirliyi 2000-ci ildən başlayaraq hər il uşaq və yeniyetmələrin Respublika texniki yaradıcılıq müsabiqəsini keçirir: “Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir”.

Nazir müavini onu da qeyd edib ki, müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə rayon, şəhər və Respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Fevral ayından başlayan müsabiqənin rayon, şəhər mərhələsində 3 mindən çox məktəbli iştirak edib və I, II, III yerləri tutmuş 280 nəfər zona mərhələsində iştirak etmək hüququ qazanıb. Zona yarışlarında 45 rayon və şəhərdən 179 nəfər qalib final mərhələsinə qatılıb. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin Respublika mərhələsinə isə 179 iş təqdim edilib.

Respublika mərhələsində 45 qalib müəyyənləşdirilib. I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar