Təhsil Nazirliyi milli azlıqların ana dili dərsliklərinin hazırlanması və çapı ilə bağlı məsələlərə həssas yanaşır.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı xalqların ana dili dərslikləri çap olunaraq müvafiq təhsil müəssisələrinə göndərilib və istifadə olunur.
Təhsil Nazirliyi onu da bildirir ki, dərsliklərin yazılması ilə mütəxəssislər məşğul olmalıdır.
Nazirlik nəzərə çatdırır ki, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX siniflərində həmin dilin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Digər azsaylı xalqların (talış, udin, saxur, avar, kürd və s.) dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV siniflərində həmin dillərin tədrisinə də həftədə 2 saat ayrılır. Cari dərs ilində həmin saatların artırılması nəzərdə tutulmayıb, buna ciddi ehtiyac da yoxdur. Çünki həmin uşaqlar ya Azərbaycan, ya da rus dilində təhsil alırlar.