2013-cü ilin fevralın ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 715 müraciət daxil olub. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular daha çox şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələlərlə bağlı olub.
Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.
Fevral ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 66 şikayət qəbul edilib. Ümumi təhsil müəssisələri ilə əlaqədar Bakıdan 33, Sumqayıtdan 3, Gəncədən 1, Mingəçevirdən 1, Abşeron rayonundan 6, Biləsuvar, Qəbələ, Xaçmaz, Samux, Zərdab, Lənkəran rayonlarının hər birindən 2, Qusar, Şəki, Neftçala, Cəbrayıl, Gədəbəy, Kürdəmir, Göyçay, Ağdam, Cəlilabad, Daşkəsən rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, müxtəlif məqsədlər üçün pul tələb olunması, məktəb rəhbərlərinin idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, Bakı şəhəri, Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb, məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib.
ANAR MƏCİDZADƏ