“ASAN” xidmətin fəaliyyətindən azadlıqdan məhrum edilmiş şəxslərin də yararlanmasına şərait yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” nin birgə hazırladıqları tədbirlər davam etdirilir.
Lent.az-ın Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsindən əlavə “ASAN” xidmət tərəfindən göstərilən nigahın qeydə alınması xidmətindən də istifadə etməyə başlayıblar.
Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. İyulu 14-də təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.