İmtahan zamanı 6 abituriyent və 2 valideynin həkim yardımına ehtiyacı olub
İyulun 14-də Bakıda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı zamanı 6 abituriyent və 2 valideyn həkimə müraciət edib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, abituriyentlər stressdən, valideynlər isə təzyiqdən şikayətləniblər.
Qarşıda digər qruplar üzrə qəbul imtahanlarının keçiriləcəyini qeyd edən Oqtay Şahmalıyev abituriyentlərə və valideynlərə müraciət də edib. Onun sözlərinə görə, insan istər-istəməz imtahan barədə fikirləşir, bu da mənfi, əsəbi emosiyalar yaradır: “İmtahana həyatın adi hadisəsi kimi yanaşmaq və o qədər də stress keçirmək lazım deyil. Abituriyentlərin imtahandan əvvəl yaxşı istirahət etmələri, dincəlmələri lazımdır. Ən azı imtahana bir gün qalmış istirahət etmək lazımdır”.