Suraxanı polisi maarifləndirmə işini davam etdirir
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir baş tutub.
Lent.az-ın məlumatına görə, qəsəbədə yerləşən 85 və 89 saylı orta məktəblərdə keçirilən tədbirlərdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov narkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyib. N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir: "Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.
208