Hazırda Sumqayıt şəhərində yerləşən 24 saylı orta məktəbdə şagird valideynləri etiraz aksiyası keçirirlər. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, valideynlərin etirazına səbəb təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru Mehriban Nəcəfovanın işdən çıxarılmasıdır. Valideynlər övladlarını məktəbdən götürərək, dərsləri boykot ediblər. Onlar tələb ediblər ki, məktəb direktoru M. Nəcəfova işinə bərpa olunsun.
Aksiya ilə bağlı əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Amma, onlar valideynlərin etiraz aksiyasının qarşısını ala bilməyiblər.
Hazırda məktəbin akt zalında etiraz edən valideynlərlə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdirinin görüşü keçirilir.