31 avqust – 1 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 2016”) keçiriləcəyi gözlənilir.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Lent.az-a bildirib ki, 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrdə “İdarəetmə elmi və Mühəndislik İdarəetməsi” Beynəlxalq Konfransı (İCMSEM) təşkil olunur: “ Konfransın katibliyi Çinin Çendu şəhərində Siçuan Universitetində yerləşir. Bu nüfuzlu konfrans indiyə qədər 9 dəfə müxtəlif ölkələrdə, Çində (4 dəfə),Tailandda, ABŞ-da, Pakistanda, Portuqaliyada və Almaniyada keçirilib. 10-cu konfransa bu il MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək”.
S.Gözəlov deyib ki, konfransda əsasən inkişaf etmiş ölkələrdən ( ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya və s.) akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Keçiriləcək 10-cu konfrans 31 avqust -1 sentyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir. Konfransın işçi dili – ingilis dilidir.
Sektor müdiri əlavə edib ki, konfrans iştirakçıları olan Azərbaycan alimlərinin məqalələri artıq dünyada məşhur nüfuzlu “Springer” məlumat bazasında təqdim olunub və çap edilib. Beynəlxalq Konfransda idarəetmə elminin və müasir mühəndislik sahəsinin problemləri və onun inkişaf istiqamətlərinə həsr olunmuş məruzələr nəzərdə tutulur. 1 sentyabr tarixində AMEA-nın Rəyasət Heyətində “Təhsil və elm” adlı panelin keçirilməsi nəzərdə tutulur.