Dünən milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya Parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir: “Dağlıq Qarabağ problemi Avropaya inteqrasiya proseslərinə və bölgənin tərəqqisinə mane olur. Azərbaycan tərəfi problemin beynəlxalq sənədlərdə əks olunmuş norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdardır. Bu məsələdə Xorvatiyanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk”.
Xorvatiya Respublikası Parlamentinin sədri İosip Leko ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, münasibətlərimizin inkişafında parlamentlərin mühüm rol oynadığını söyləyərək, dostluq qrupları arasında əlaqələrin intensivləşməsini vacib hesab edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan xorvatiyalı spiker ölkəsinin Azərbaycanın problemin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini vurğulayıb.