“Qafqaz Müsəlmanları İdarəsindən (QMİ), “Təzə Pir” məscidindən ətraf sakinlərin ciddi narazılığı ilə bağlı bizə heç bir müraciət daxil olmayıb”. Bunları Lent.az-a açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
R.Dadaşova qeyd edib ki, mətbuatda QMİ-nin binası və “Təzə Pir” məscidi ətrafında bahalı maşınların yaratdığı tıxacdan ətraf sakinlərin guya ciddi narazılıq etmələri barədə yazılanları “anonim”dir və inandırıcı deyil: “Kimin nə sözü, nə narazılığı varsa, açıq şəkildə ilk növbədə bizə müraciət edə bilər”.
QMİ nümayəndəsi bildirib ki, qeyd olunan tıxaclardan xəbərləri var və bunun səbəbkarı onlar deyil: ““Təzə Pir” məscid kompleksi yaradılan zaman orada bir neçə zalların istifadəyə verilməsi də nəzərdə tutulub və istər-istəməz burada keçirilən mərasimlərlə bağlı ətrafda tıxaclar da yaranır. Bunun üçün əvvəldən ətrafda genişləndirilmə işləri nəzərdə tutulmuşdu və bu işlər hələ aparılmadığı üçün belə tıxaclar yaranır. Ümidvarıq bu genişləndirmə işləri aparılandan sonra belə tıxaclar da olmayacaq və problem aradan qalxacaq”.
Qeyd edək ki, mətbuatda tıxacın səbəblərindən biri kimi Şeyxin qardaşı, deputat Cavanşir Paşazadənin QMİ-də özünə dəbdəbəli kabinet açması və qəbulları orada təşkil etməsinə göstərilib. R.Dadaşova bildirib ki, İdarədə ancaq sədrin və əməkdaşların kabineti olur, burada işləməyənin burada otağı yoxdur: “O cümlədən də deputat Cavanşir Paşazadənin burada heç bir kabineti, məkanı yoxdur. Bu, hörmətli deputata qarşı atılan böhtandır”.
Qeyd edək ki, bu gün bir sıra mətbuat orqanlarında QMİ ətrafında yerləşən binalarda yaşayan sakinlərin Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadədən narazılıqları ilə bağlı müraciətlər haqqında yazılar yer alıb: “İnsanlar “Təzə Pir”ə ibadət etməyə deyil, ehsan zallarında verilən yemək mərasimlərinə gəlirlər. Biz sakinlər isə maşınlarımızı saxlamağa, uşaqlarımızı məktəbə aparmağa, hətta evlərimizə getməyə belə yol tapa bilmirik. Dəhşətlisi ondadır ki, cümə günləri belə məscidə ibadətə gələnlərin sayı 15-20 nəfəri keçmir. Amma ehsana gələnlərə məxsus yüzlərlə maşın QMİ-nin ətrafını sarmaşıq kimi sarır. Qəribəsidir ki, Milli Məclisin deputatı Cavanşir Paşazadə parlamentdə oturmaq əvəzinə QMİ-nin inzibati binasını özü üçün iqamətgah seçib. Deputat qardaşı şeyxin yanında özü üçün dəbdəbəli kabinet, qəbul otağı düzəltdirib. “Təzə Pir”in avtodayanacağı da yalnız millət vəkili və onun qəbuluna gələn şəxslərin bahalı avtomobillərinə xidmət edir”.