Şeyx Əbdül Mahmudbəyov: "Ədil İsgəndərov kursuna qarşı bir nifrət vardı"
05 noyabr 2014 20:13 (UTC +04:00)

Şeyx Əbdül Mahmudbəyov: "Ədil İsgəndərov kursuna qarşı bir nifrət vardı"

"Hər şey dağılır, hər şey itib batır, amma kino əbədi və əzəli sənətdir, kinonun auditoriyası bütün yer kürəsi, bütün dünyadır". Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov deyib.

Onun sözlərinə görə, konkret millətin tarixi yoxdursa, demək o millət sonradan uydurulmuş millətdir: “Hər bir millət öz tarixi ilə, milli mənəvi dəyəri ilə millətdir, tarixdir. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, bütün dünyaya bəs edə biləcək qədər tarixi mədəniyyəti var. Bizdən tələb olunan isə odur ki, bu zəngin möhtəşəm tarixi mədəniyyəti tədqiq edək, öyrənək, təbliğ edək. Beynəlxalq səviyyədə bu tarixi ortaya qoymaq lazımdı, bundan ötrü kütləvi informasiya vasitələrinin çox böyük imkanı var, əvəzsiz xidmət göstərmək lazımdır. Baxmayaraq ki, biz zaman-zaman müstəqil kinomuzu qura bilməmişik, müəyyən ideoloji asılılığımız olub, amma dahi şəxsiyyətlərimiz yetişib. Düşünürəm ki, 19-cu əsrin axırı, 20-ci əsrin əvvəlində Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, Hüseyn Cavid olmasaydı, biz necə olardıq? Bizə verilən tarix, mədəniyyət elə nizamlanıb ki, bunu əsrdən-əsrə, nəsildən-nəslə bunu keçirə biləcək dahi sənətkarlarımız da yetişib.

 

Kino bizdə oturuşmuş vəziyyətə yenidən klassik mövzulara, tariximizə qayıdışla başladı və mən cəsarətlə deyirəm ki, bu qayıdışın başında o vaxt Adil İsgəndərov dururdu. Mən "Yeddi oğul istərəm" , "Axırıncı aşırım" , "Nəsimi" kimi kinoların hesabına indi də yaşayıram, bu filmlərdəki böyük ustadların yanında formalaşmışam, ona görə də bu gün xatirə danışmaq səlahiyyətindəyəm. Artıq imkanlarımız var ki filmlərimizi dünyanın başa düşəcəyi dillərə çevirək, dublyaj edək. Çox arzu edərdim ki, tariximizdən, milli mənəvi mədəniyyətimizdən, əxlaqımızdan bəhs edən filmləri dünyada təbliğ edək”.

 

Əbdül Mahmudbəyov sovet dövründə Azərbaycanda çəkilən filmlərin təhvil verilən ana kimi bütün detallarının Moskvada razılaşdırıldığını deyib: “Çox ciddi bir senzura vardı, hətta ayrı-ayrı  regionlar və respublikalar üzrə senzura fəaliyyət göstərirdi. "Dəli Kür"də əsl tarix belə idi ki, Cahandar ağanı torpaq uğrunda döyüşdə kazaklar öldürəcək. Hüseyn Seyidzadə hər şeyi olduğu kimi, naturada vermişdi. Film Azərbaycanda qəbul olunandan sonra Moskvada rəy verilərək kateqoriyalar üzrə həll olunurdu və bizim taleyimiz o kateqoriyalardan asılı idi. İki səhnəyə görə narahat idik. Rəydə bildirildi ki, yaxşı film çəkmisiniz, amma bir iradımız var. Biz heç vaxt razı ola bilmərik ki, bizim rus kazakları sizin ağanızı öldürüb torpağı əlindən alsınlar. Gedin özünüz  özünüzü öldürün. Bu da mümkün deyildi. Biz də məcbur qalaraq ənənəvi məsələlərə əl atmalı olduq və səhnələri dəyişdirdik, amma əsl həqiqətdə bunlar vardı".


Əbdül Mahmudbəyov "Axırıncı aşırım" filminin sonuncu səhnəsinin çəkilişləri ilə bağlı da maraqlı məqama toxunub: “Təbii sonluq belə idi ki, Qəmlonu Kərbəlayı öldürməli idi. Kərbəlayının bir sıra ideyaları vardı, bu da istər-istəməz müsbət rəy oyadırdı. Axırda o əsl Azərbaycan kişisi olaraq haqq salam xətrinə öz şillə vuranını, Qəmlonu da öldürsəydi müsbət obraz tamamlanacaqdı. Ona görə də sonluğu dəyişməli olduq. Kamil Rüstəmbəyov, Fərman Kərimzadə dedilər, biz ondan imtina edirik, amma filmdə imtina etmək mexanizmi yox idi. Nə edək deyə düşündük, yadımıza ölümdən qaçan adamın Kərbəlayının oğlunun məbədində özünə sığınacaq tapması düşdü və təbii ki, Kərbəlayıdan qaçan adam da Qəmlonu öldürməli idi. Və filmin sonluğunu belə dəyişdik".


Kinorejissor "Yeddi oğul istərəm" filmi ilə bağlı da maraqlı məqamlar danışıb: “Filmdə 3 əsas məqam vardı. Gəray bəyin ayaq üstə qətlə yetirməsi, məscidə it bağlanması və Bəxtiyarın Humayı döymə epizodu. Bölgələrə gedəndə bunlar irad tutulurdu. Əslində biz komsomolun, yəni sovet ideologiyasının öz ali məqsədinə çatmaq yolunda gördüyü işlərdən söz açırıq, amma axı söhbət həm də Azərbaycan kişisindən gedir. Təəssüf ki, o zaman dəmir çəpərlər, dəmir qapılar vardı, ona görə də 3 epizodu saxlamaq xətrinə biz filmi çəkdik. "Komsomolun canı it canıdır" kimi obrazlı ifadələrlə bu məsələləri də əsaslandırırdıq. Bunların hamısı tamaşaçıya təqdim olunan çox incə rejissor, sənəti, oyunudur, aktyor ifasıdır. Bu da artıq tamaşaçının incə məqamlara baxışından asılıdır. Klassik əsər hər dövrə uyğun qəbul olunur, klassik əsər ölmür, həmişə yaşayır, amma məsələ burasındadır ki, bu klassik əsəri yaradan kişilər də olsun, klassik düşüncə , mənəvi əxlaq olsun".


"Qaçaq Nəbi" filminin taleyindən danışan kinorejissor səmimi etiraflar edib: “İsa Hüseynovla bir ssenari işləmişdik, amma o dövrkü hadisələrə görə göstəriş oldu ki Adil müəllimin tələbələrinə kino çəkməyə icazə verilmir. O zaman Ədil İsgəndərov kursuna qarşı bir nifrət vardı.

 

Onda mən iki-üç sənədli film çəkməli oldum. Bir gün Cəmil Əlibəyov məni çağırdı və tapşırdı ki, yaxşı bir yerə arxalanmaq lazımdır. Beləliklə "Qaçaq Nəbi" filminin ssenarisini hazırladıq və məsləhət olundu ki Həsən Turabovla işləyim. Amma biz razılaşdıq ki, rejissor o olsun. Sonra isə filmdə Qaçaq Nəbinin tanınmış bir aktyor olması şərt kimi ortaya qoyuldu və hətta bəzi səhnələri filmdən çıxartmalı olduq. Filmi bağlamaq istəyirdilər, qorunub saxlanmasında Süleyman Rəhimovun, Rəsul Rzanın böyük rolu oldu. 4-5 xalq yazıçısı Moskvaya rəsmi surətdə teleqram vurdular. Filmi bu cür saxlaya bildik".

Qonağın fikrincə, ayrılıq Azərbaycanın tarixi problemidir: “O tay, bu tay məsələsi həmişə var, biz ona görə "Doğma sahillər" filmində çox şeyləri saxladıq. Filmin nə üçün bayatı ilə başlamağına gəlincə isə insan ağrılı, acılı, kədərli vaxtında bayatı deyir, bayatı janrı da bilavasitə bizim xalqa məxsus ədəbiyyat janrıdır, ona görə fikirləşdim ki, bu filmi elə bayatıdan başlayaq. Həssas tamaşaçılar bunu anlayır, axırda gəlib çıxırıq Xudafərin körpüsünü üstünə. Filmə baxandan sonra o zamankı İran səfiri məni çağırdı və dedi ki bu filmə bizdə ikili münasibət var. Dedim ki, biz bədii əsər çəkmişik, söhbət tarixi faktdan, həqiqətdən gedir, tarixi inkar etmək olmaz. Söhbət bədii əsərdən, bədii təfəkkürdən və bədii təqdimatdan gedir. Bəli, tarix dürüstlük sevir, təki fakt və sübut olsun. Yalan ayaq tutur, yerimir. O şeydəki tarixi həqiqət, fakt, inkaredilməz həqiqətlər var, onlar əbədi və əzəli mövzulardır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321
avatar

Oxşar yazılar