İyulun 14-də Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi restoranların birində geniş iftar süfrəsi açıb. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan şəhidlərinin ruhuna Quran oxunulduqdan sonra Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli qonaqları salamlayıb və Ramazan ayının insanların birlik və bərabərliyinə, mənəvi dirçəlişinə vəsilə olacaq bir ay olduğunu bildirib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran isə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb: “Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” İctimai Birliyi hər zaman olduğu kimi müqəddəs Ramazan ayında da dövlətçiliyimizin bütövlüyü yolunda fədakarcasına fəaliyyət göstərir”.
Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan və tanınmış ilahiyyatçı Ağa Hacıbəyli çıxışında Ramazan ayının fəzilətlərindən danışıblar.
İftarda ölkə ictimaiyyətinin tanınmış simaları, QHT təmsilçiləri, media nümayəndələri, tələbə gənclər, şəhid və qazi ailələri iştirak ediblər. Türkiyənin TRT kanalı tədbirdən geniş reportaj hazırlayıb.