Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə şəhid ailələri və qaziləri ilə bağlı tədbir keçirilib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli deyib ki, Qarabağ problemi hər zaman gündəmdə olduğu üçün şəhid ailələri və qazilərə də xüsusi diqqət ayrılır. Onun sözlərinə görə, qazilər gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasında önəmli həyat təcrübəsinə malikdirlər: “Şəhid ailələri, qazilər dövlətimizin müstəqilliyinin, o cümlədən ölkəmizin ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlər göstəriblər. Hər kəs bu gün qazi və şəhid ailələrinə xüsusi ehtiramla yanaşmağa borcludur. Unutmayaq ki, Qarabağda hələ savaşımız bitməyib”.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov və digər qazilər “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə hər zaman şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqətə görə təşəkkür ediblər.
Sonda ictimai birlik tərəfindən şəhid ailələri və qazilərə ərzaq sovqatı verilib.