GÜNÜN ŞƏRHİ
Dünən konqres, bu gün senat... Söhbət ABŞ-da söz sahibi olan bu iki instansiyanın ölkə prezidentini Ukraynaya dərhal silah yardımı göstərməsinə etdikləri çağırışdan gedir. Səlahiyyət sahibi Barak Obama isə təmkinini pozmur. Ağ Evin sahibi siyasətdə balansı qoruyur. Çünki o, həm də dünyada təhlükəsizliyə məsuliyyət daşıyır. Dünənki açıqlamasında Barak Obama Ukraynadan daha çox Yaxın Şərq barədə danışmağa üstünlük verdi. Amerika prezidenti regionda sülhə nail olmanın ən rahat yolunun Fələstin dövlətinin yaranmasında gördü. Son vaxtlar bölgədəki köhnə müttəfiqi İsraillə münasibətlərdə sərinlik yaşanan ABŞ-ın bu mesajı Təl-Əvivə
birinci şəxsin timsalında çatdırıldı. Obama həm də Tehranla münasibətləri normallaşdıracağına işarələr vurdu. ABŞ-ın bu addımının bölgədə nə ilə nəticələnəcəyini gözləmək üçün çox vaxt da lazım olmadı. Hətta Vaşinqtonun bu yumşaq ismarıcından əvvəl də Orta Şərqin ən qaynar nöqtələrində - İraqda, Suriyada, Fələstində istədiyi kimi hərəkət edən İran təsir dairəsini bir andaca genişləndirdi. Bu gün Yəməndə baş verən hadisələr buna əyani sübutdur...