Həbsxana kameralarına həddən artıq adam  doldurdular: 37 nəfər öldü
19 sentyabr 2026 10:00 (UTC +04:00)

Həbsxana kameralarına həddən artıq adam doldurdular: 37 nəfər öldü

0

Nigeriyada çoxu uşaq olmaqla, onlarla insan cümə axşamı Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun (NSCDC) saxlanma kameralarında ölü tapılıb. Qurum bundan əvvəl qanunsuz olduğu ehtimal edilən qızıl mədənlərində reyd keçirərək onlarla şaxtaçını faydalı qazıntılarla zəngin Niger ştatının paytaxtı Minna şəhərində saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, NSCDC əvvəlcə ölümləri xəstəlik yayılması ilə əlaqələndirib. Lakin kəşfiyyat hesabatında ilkin məlumatlara görə, faciəyə kameraların həddindən artıq dolu olması və havalandırmanın zəifliyi səbəb olub.

Niger ştatının qubernatoru Umar Baqo bildirib ki, ölənlərin bir çoxu məktəbə getmək əvəzinə mədənlərdə işləyən 14-18 yaşlı uşaqlar olub.

“Qanunsuz mədənçilik problemi var və bunun fəsadları uşaqlarımıza təsir edir”, – deyə qubernator bildirib.

Saxlanma kamerasından sağ çıxan Dauda Şehu xəstəxanada jurnalistlərə danışaraq deyib:

“Bizi kameraya həddindən artıq sıx şəkildə doldurmuşdular. Normal nəfəs almaq üçün havalandırma yox idi. Birdən nəfəs ala bilmədiyimizi anladıq və hamı təmiz hava tapa biləcəyi yerə doğru qaçdı. Bir neçə dəfə mühafizəçilərə müraciət etdik, kameranın qapısını döydük, amma bizə cavab vermədilər”.

İnternetdə yayılan görüntülərdə yalnız şort geyinmiş onlarla gəncin cəsədinin açıq havada yerə uzadıldığı görünür. Onların əksəriyyətinin yeniyetmə olduğu bildirilir. Əlcək taxmış könüllülər cəsədlərin yanında dayanarkən qadınlar yaxınlarının meyitlərini tanımağa çalışırlar. Arxa planda isə hadisəyə görə məsul şəxslərə qarğış edən insanların səsləri eşidilir.

Mediaya danışan və adının açıqlanmasını istəməyən digər sağ qalan şəxs bildirib ki, kameranın girişinə yaxın olduğu üçün nəfəs almaq nisbətən asan olub və bu səbəbdən sağ qala bilib.

“Biz kömək üçün qışqırırdıq. Saxlanılanlar mühafizəçilərə insanların bir-bir öldüyünü deyirdilər. Amma onlar bizə inanmadılar”, – deyə o bildirib.

Nigeriya Prezidenti Bola Ahmed Tinubu hadisədən sonra ölümlərin araşdırılması barədə göstəriş verib. Bundan əvvəl hökumət bir sıra yüksək vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırıb.

Cümə axşamı axşamı Minnada ölümlərə etiraz olaraq aksiyalar başlayıb. Cümə günü isə şaxtaçılar və onların yaxınları da daxil olmaqla onlarla gənc NSCDC-nin şəhərdəki ofisinin qarşısına toplaşıb.

Polis ərazini mühasirəyə alıb və etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şahidlərdən biri “Reuters”ə şahidi bildirib ki, bəzi etirazçılar dəyənək, maçe və ənənəvi ov tüfəngləri ilə silahlanaraq ədalət tələb edərkən təhlükəsizlik qüvvələri döyüş patronlarından atəş açıb.

Bəzi etirazçılar Tunqa rayonunda dövlət binalarını yandırmağa cəhd göstəriblər.

“Biz oğru deyilik. Sadəcə mədənçiliklə dolanmağa çalışırıq”, – deyə aksiyaya qoşulan şaxtaçı Yusuf Auval “Reuters”ə bildirib.

Küçələrdə azı bir nəfərin cəsədinin olduğu qeyd edilib. Əsgərlər və polis əməkdaşları asayişi bərpa etmək üçün Minnada patrul xidməti həyata keçiriblər.

Nigeriyada ərazisinə görə ən böyük ştat olan Niger faydalı qazıntılarla zəngindir. Ərazisi Belçikadan iki dəfədən böyük olan ştat minlərlə kiçik miqyaslı mədənçini, xüsusilə də qızıl axtaran şəxsləri cəlb edir.

Rəsmilər və ekspertlərin fikrincə, Niger ştatındakı qanunsuz mədənlərdən çıxarılan qızıl ehtiyatları uğrunda mübarizə cinayətkar qrupların zorakılığını da artırır. Silahlı dəstələr mədənçilərdən pul tələb edir və mədənlərə giriş müqabilində çıxarılan filizin bir hissəsini özlərinə götürürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar