GÜNÜN ŞƏRHİ
Şimali Koreya əbəs yerə dünya qlobal təhlükəsizlik sisteminin ərköyün övladı sayılmır. Bu ölkənin əsas missiyası Cənub-Şərqi Asiya regionunda qeyri-stabillik yaratmaq, region dövlətlərinə qarşı təhdid formalaşdırmaqdır. Ölkənin bu xüsusiyyəti fövqəlgüclərə Şimali Koreyadan zaman-zaman öz maraqları üçün bir-birinə qarşı istifadə etməyə imkan verir. Şimali Koreya həm də Yapon dənizi bölgəsində stabilliyi ölçmək üçün lakmus kağızıdır. Bu ölkəni “ərköyünləşdirən” kütləvi qırğın silahına sahib olmasıdır. Və Şimali Koreya dünyada nüvə silahına sahib olmağın dövlətlər üçün nə qədər üstünlük yaratdığına gözəl nümunədir. Nüvə faktoru dövlətə xarici müdaxilə imkanlarını məhdudlaşdırır, dövlətin öz xarici siyasətində manevr imkanlarını birə on artırır. Pakistanın güclü dövlət kimi xarakterizə olunmasının, yaxud İranın nüvə silahına sahib olmaq cəhdlərinin məğzində dayanan bu amildir. Lakin bir əmma var, nüvə silahının fiziki təsir gücü onun sahib olduğunu dövlətdən asılı olaraq dəyişir. Məsələn, demokratik ölkənin sahib olduğu nüvə silahının gücü, diktatura rejiminin sahib olduğu nüvə silahının gücündən on dəfə azdır... Şimali Koreyanı ərköyünləşdirən də bu amildir...