AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2012-ci ildə 27 kitab, toplu və jurnal çap olunub. Lent.az-ın məlumatına görə, keçən il 37-si xarici nəşrlərdə olmaqla 200-dən çox elmi məqalə işıq üzü görüb. Ötən ilin 7-8 may tarixlərində Şərqşünaslıq İnstitutunda akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunan «Orta əsrlər Şərqinin tarixşünaslıq və mənbəşünaslığı» adlı beynəlxalq elmi simpoziumla bağlı da bəzi nəşrlər çapdan çıxıb. Belə ki, simpoziumun materiallarının dərc edildiyi toplunu, həmçinin «Şərq filologiyası məsələləri» toplusunun növbəti sayını, «Azərbaycan şərqşünaslığı» jurnalının 3 sayını (bunlardan biri akademik Ziya Bünyadovun 90 illiyinə, biri isə Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş xüsusi buraxılışlardır) qeyd etmək olar.