Serbiyada Azərbaycanlıların Soyqırımı Günü tədbiri
30 mart 2013 03:57 (UTC +04:00)

Serbiyada Azərbaycanlıların Soyqırımı Günü tədbiri

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anma mərasimi keçirilib. Bu barədə APA Azərbaycanın Serbiyadakı səfirliyinə istinadən məlumat verir.

 

Tədbirdə Səfirliyin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edilmiş, tədbir iştirakçılarına 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verilib.

 

Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyi qeyd edilərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu bildirilib.

 

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, Serbiyada fəaliyyət göstərən Səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar