BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktoru Qay Rayder arasında görüş olub. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə S. Müslümov sosial-iqtisadi inkişaf strategiyası nəticəsində son on ildə 3,2 dəfə iqtisadi artıma nail olan ölkəmizin Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olduğunu, qeyri-neft sektorunun 2,6 dəfə, investisiyaların 6,5 dəfə artdığını diqqətə çatdırıb.
Nazir bildirib ki, son zamanlar respublikada 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb. Orta aylıq əməkhaqqının 5,5 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə artdığı, işsizliyin 5 faizə, yoxsulluğun 5,3 faizə endiyi Azərbaycan BMT İnkişaf Proqramının 2013-cü ilə dair «İnsan İnkişafı Hesabatı»na əsasən, insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülüb: “Ölkədə əmək bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək hüquqlarının təminatı dövlətin əsas məqsədlərindəndir. Həmçinin gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, onların məşğulluğunun təmin edilməsi mühüm vəzifələrdən biridir. BMT tərəfindən dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olub. Azərbaycan həmin on lider ölkə sırasına daxil edilib”.
Bu sahədə aparılan işlərdə BƏT-lə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edən nazir BƏT-in 56 Konvensiyasını ratifikasiya edən Azərbaycanda həmin konvensiyalardan, eləcə də əməyin təhlükəsizliyi üzrə beynəlxalq normalardan irəli gələn prinsiplərin, layiqli əməyin təminatının daim diqqətdə saxlanıldığını bildirib: “Respublikada Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartları proqramı çərçivəsində beynəlxalq ekspertlər və yerli işəgötürənlərin iştirakı ilə artıq 200 peşə standartı hazırlanıb. Artıq müəssisələr tərəfindən bu standartların tətbiqinə başlanılıb. Eyni zamanda, Baş Kollektiv Sazişə uyğun olaraq, sosial tərəfdaşlarla, yəni həmkarlar və işəgötürənlər təşkilatları ilə əməkdaşlıq daim yüksələn xətlə davam etdirilir”.
Q. Rayder əmək və məşğulluq sahəsində, həmçinin BƏT-in konvensiyalarının icrası, o cümlədən layiqli əməyin təminatı sahəsində Azərbaycanda aparılan işlərdən məmnunluq ifadə edərək, rəhbəri olduğu təşkilatın qarşıdakı dövrdə ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.