Şəlalə yazır: “Mart gecəsi” - HEKAYƏT
27 mart 2013 11:02 (UTC +04:00)

Şəlalə yazır: “Mart gecəsi” - HEKAYƏT

Əvvəli: http://news.lent.az/news/118882

 

10-cu hissə

 

Tünd alça arağı boğazını yandırdı, ürəyi bulandı, gözləri yaşardı. Məsud bu anda əlində saxladığı turşunu onun ağzına basdı. Bərkdən qəhqəhə çəkərək:

 

- Darıxma qıza, indi keçəcək. Bəs birdən-birə o qədər içərlər? Sən lap .... ki!

 

Alçalmış və təhqir olunmuş qadın, Məsudun qışqırıb-bağırmaması üçün səhərəcən onun yanında oturmağa məcbur oldu. Məsud danışdı, şikayətləndi, çığırdı-bağırdı, ağladı, güldü, nəhayət, sakitləşib stuldaca yatdı.

 

Nəcibə yuxusuzluqdan və ağlamaqdan qızarmış gözləri ilə ərini nifrətlə süzüb, otaqdan çıxdı. Yerinə uzanmaq istəyəndə nə fikirləşdisə, geri qayıtdı. Barmaqlarının ucunda ehtiyatla yeriyərək Məsudun lap yaxınına gəldi. O, qollarını taxta mizin üzərində çarpazlayaraq başını qollarının üstünə qoymuşdu. Dirsəyi mayonezə batmışdı. Ağır-ağır nəfəs alırdı. Dərin yuxuda idi. Nəcibə ərinin başı üstündə dayandı. Bu onun kişisi idi! Zinakar qadınlarla ona xəyanət edən, evinə haram gətirən, üstəlik allahın pak qulunu da bu harama bulaşdıran! Onu dəli kimi səcdədən qaldırmağını, otaq boyu sürüməyini, zorla araq içirdib, qəhqəhə çəkməyini, söyüşlərini xatırladıqca başından tüstü qalxırdı...

 

Yox, bu iblisə yazığı gəlmirdi!

Ondan qisasını hökmən alacaqdı.

Canını mütləq bu iblis törəməsindən qurtaracaqdı.

Gəldiyi kimi də asta addımlarla otağı tərk etdi.

Allahdan özünə səbr diləyib, güc arzuladı və sabah nələr etməli olduğunu düşünə-düşünə yuxuya getdi.

 

O, yataqdan qalxanda təxminən saat birin yarısı idi. Məsud evdə yox idi, çox güman ki işə getmişdi. Bəlkə də o fahişənin yanına yollanmışdı. Artıq onun harada olmağının heç bir fərqi yoxdur. Xalatını əyninə keçirib, dərhal atasıgilin ev nömrəsini yığdı. Dəstəyi anası götürdü. Nəcibə dünən gecə baş verənləri ürək ağrısıyla anasına nağıl etdi. Məsudun ona araq içirtdiyi səhnəni təsvir edəndə, hönkürüb ağladı. Anası Nəcibənin halına yansa da, həyəcanlara qapılmış qızına xatırlatdı ki, ərindən icazəsiz evi tərk edə bilməz. Qanun onu, həyat yoldaşını məhkəməyə vermək, boşanmaq iddiası irəli sürmək, icazə almadan evi tərk etmək hüququndan məhrum edib. Bu qayda yalnız müstəsna hallarda pozula bilərdi. Məsələn, kişinin narkoman, içkibaz yaxud qumarbaz olduğu, və ya zina etdiyi sübuta yetirilərdisə. Göstərilən səbəbləri əsas gətirib, boşanma ərizəsi verən qadın, məhkəməyə cinayəti təsdiqləyən dörd şahid təqdim etməli idi. Əgər qadının dörd şahidi yoxdursa, və təqdim olunan dəlil-sübutlar yetərli sayılmazsa, onda məhkəmə iddiaçının özünü günahkar çıxarır, kişini sərbəst buraxır, qadını isə iftira atmaqda və əxlaqsızlıqda suçlayaraq ağır şəkildə cəzalandırır.

 

Nəcibə ərindən boşanmaq üçün bütün bu mərhələlərdən keçməli olduğunu fikirləşəndə, bir anlıq qarşısına Çin səddi çəkildiyini hiss etdi. Tutalım, boşanmaq üçün məhkəməyə müraciət etdi, dörd nəfər şahidi haradan tapacaqdı? Üstəlik, Məsudun hər yerdə dost-tanışı, hökumət orqanları ilə əlaqələri vardı, məhkəməni də, ekspertizanı da ələ ala bilərdi.

 

Birdən ağlına parlaq bir fikir gəldi. Bu məsələdə ona yalnız böyük qardaşı Yusif kömək edə bilərdi. Yusifin uşaqlıqdan Məsudu görən gözü yox idi, daima onun uğurlarına həsəd aparırdı. Hələ məktəbdə oxuyarkən, sevdiyi qızın riyaziyyat kitabının arasından Məsudun şəkli çıxanda lap dəli olmuşdu. İllər keçdikcə, təhsildə və karyerasındakı uğurları ilə Məsud bir çox yaşıdlarını, həmçinin Yusifi də geridə qoyurdu.

 

Atasının doğma əmisi oğlu olan Yusif isə heç zaman bunları həzm edə bilmirdi. Üzdə candərdi “salam-əleyk”ləri olsa da, bacısı ərə gedəndən sonra bir dəfə də onların evinə ayaq basmamışdı. Hara gedirdi, ondan danışırdılar, elə bil onu hamı qəsdən Yusifin gözünə soxurdu. Yusifə elə gəlirdi ki, bu adam şlaqbaum kimi hər yerdə yolunu kəsir.

 

Nəcibə qardaşının ürəyində Məsuda qarşı barışmaz kin və ədavət dolu bir iblisin yuva saldığını çoxdan bilirdi.

 

Odur ki, Məsudun ona çəkdirdiklərini bircə-bircə Yusifə söyləyib, ondan kömək dilədi. Bacısının dediklərini səbirlə dinləyən Yusif reaksiya bildirməzdən əvvəl bir neçə dəqiqə susdu. Düşməndən heyf almaq üçün əlinə yaxşı imkan düşmüşdü. Sonra təmkinini pozmadan saqqalını qaşıdı. Ondan cavab gözləyən Nəcibəyə çəpəki nəzər salaraq dedi:

 

- Ondan boşanmaq üçün sənin ancaq bir yolun var. Bu işdə mən sənə kömək edəcəyəm. Amma ağzını bərk saxlamalısan! Uşaqlar barədə isə narahat olma, o kafirin içkibaz və narkoman olduğunu sübut eləyə bilsək, uşaqlar bizim himayəmizə keçəcək.

 

- Yaxşı. Nə təklif edirsən? Neyləmək lazımdır? - Nəcibə ürkək-ürkək soruşdu.

 

Yusif tələsmədən planını ona izah etdi.

 

Bir mart gecəsi Məsudgilin qapısı möhkəm döyüldü. Məsud araqdan gillədib mürgüləyirdi. Nəcibə yorğan-döşəyi açmağa hazırlaşırdı. Qapını az qala sındıracaqdılar. Məsud yumulu gözlərini zorla aralayıb, key-key ətrafı süzdü və ayağa qalxıb qapıya sarı getdi. Nəcibənin bədənini titrətmə bürümüşdü, suçlu adamlar kimi udqunmağa başladı.

 

Məsud qapını gözlüyündən baxıb soruşdu:

 

- Kimdir gecənin bu vaxtı?

 

- Polisdir, qapını aç!

 

Məsud heç nə başa düşmədi. Beynindəki dumanı birtəhər qovub bir də xəbər aldı:

 

- Polis? Niyə ki? Zarafat edirsiniz?

 

- Kişi, aç qapını, yoxsa sındıracağıq! - qapının dalından kimsə sərt səslə hayqırdı.

 

Məsud əlacsız qalıb qapını açdı. Dərhal bir dəstə mülki geyimli şəxs içəri soxuldu. İki nəfər Məsudun əllərini qandalladı, tərpənməməyi tapşıraraq silahla hədələdilər.

 

Başçıları stolun üstündə yarıdan xeyli aşağı enmiş bankanı götürüb iylədi, gələnlərdən birinə tapşırıq verdi ki, onu götürsün. Sonra evin bütün künc-bucağını axtardılar, töküb-töküşdürdülər, yarım milyon tümən və üç ədəd sellofan torbaya bükülmüş dördkünc, bərk plastik maddə tapdılar.

 

Nəcibə səs-küyə oyanıb, ağlaşan körpələri kiritməklə məşğul idi.

 

Əlləri soyuq tər içində idi, Məsudun üzünə baxa bilmirdi, uşaqlarını möhkəm qucaqlayıb özünə sıxmışdı.

 

O gecə Məsudu apardılar. Qapıdan çıxhaçıxda Məsud uşaqları ilə görüşmək üçün icazə istədi. İzin verdilər. Amma əllərinin qandalını açmadılar, Nəcibənin qucağında yuxu iyi verən oğlunu öpdü, öpdü. Sonra da qızını iylədi, yanaqlarından öpdü...

 

Nəcibə özünü saxlaya bilməyib ağladı.

 

Məsudun onun gözlərinə zillənən nigaran baxışları içini yandırdı...

 

Sonra onu apardılar.

 

...Söhbətin bu yerinə çatanda Məsud hekayətinə ara verib, siqaret yandırdı. Söhbət boyu üzündə yaranan gərgin ifadələr yavaş-yavaş yoxa çıxdı. Diana da kofedən bir qurtum aldı, hekayətin ardı onu çox maraqlandırsa da sual verməyə ürək eləmədi, fikirləşdi ki yerinə düşməz. İri gözlərini Məsuda zilləyərək, bu gün ilk dəfə gülümsədi. Məsud tüstünü burumunu havaya buraxıb soruşdu:

 

- Deyəsən çox uzunçuluq oldu hə?

 

- Yoox, nə danışırsız - Diana dərhal etiraz etdi, - əksinə, çox maraqlıdır...

 

- Aha...Məsud da gözlərini qıyıb gülümsədi, demək, sonra nələrin baş verdiyini də bilmək istəyirsən...

 

- Hə, çox maraqlıdır...

 

- Sonrası belə oldu, - Məsud bir qullab da vurub sözünə davam etdi, - işimi sözsüz ki, itirdim, üç il həbsxanada yatdım, bu üç il ərzində anam, qardaşım bütün olan-olmazlarını mənim yolumda polisə, məhkəməyə, hakimlərə, türmə rəisinə, nə bilim itinətök qədərdilər, xərclədilər. İşlədiyim müddətdə babat pul yığmışdım. Onlar dadıma çatdı, yoxsa meyitim çoxdan krandan sallanmışdı. İranda bütün hüquq-mühafizə sistemi rüşvətlə işləyir. Hər nə isə... Nəhayət, həbsxanadan çıxdım, bağ evimizi də satmışdılar, maşını da. Yeganə ailəmlə yaşadığım mənzil salamat qalmışdı.

 

Orada qala bilmədim. Getdim anamın yanına. Türmədə olduğum üç il müddətində arvadım bircə dəfə də olsun, yanıma gəlmədi. Ondan heç incimirdim də. Öz-özümə deyirdim ki, buna haqqı var. Məni polisə satdıqlarını sonradan öyrəndim. Üç il türmə yatmağım bu xəbərin yanında toya getməli oldu. Heç vaxt ağlıma gəlməzdi ki, ailə qurduğum qadın, uşaqlarımın anası belə alçaq iş tuta bilər... İnsanları tanımaq olmurmuş. Qardaşının əli ilə polis evimi yağmaladı, hər şeyimi əlimdən aldı, özümü də həbsdə çürütdülər. Niyə axı?! Nə üçün?!

 

Onun boşanmaq istədiyini bilsəydim, yubanmadan talağını verərdim. Mən sevgisiz nikahın puç olduğunu çox yaxşı bilirəm. Heç vaxt ayrılmaq istəyini dilinə gətirməmişdi. Mənsə ondan ayrılmaq haqqında düşünürdüm, sadəcə, uşaqlarımın söz anlayacaq qədər böyüməyini gözləməkdən başqa çarəm yox idi. Biz boşanacaqdıq, övladlarımız isə istədikləri vaxt həm analarını, həm də atalarını görəcəkdilər. Hətta mən düşünürdüm ki, məhkəmə uşaqların hər ikisinin mənimlə qalması qərarına gəlsə də uşaqların birini onun himayəsinə verərəm. Bilmirəm, niyə belə əclaflığa getdi, nədən bu oyunlara əl atdı!

Amma eybi yox! Bu oyunda ən biabırçı uduzan da özü oldu. Nikahı pozdurdum, uşaqları da əlindən aldım. İran qanunvericiliyi bu mənada kişilərin haqqını daha çox qoruyur. Düzdü, narkoman və alkoqolik damğasını üstümə yapışdırdıqlarından uşaqları rəsmən mənə vermədilər, amma birtəhər anamın himayəsinə keçirə bildim.

 

Diana bu yerdə sual vermək istədi, amma həmsöhbətinin danışmaq istədiyini görüb, sualını saxladı.

 

- Hə, əsas problem uşaqlarımı onlardan almaq idi ki, var qüvvəmi sərf edib, bu işi həyata keçirdim. İşsiz idim, narkotik üstündə həbs olunan birini heç bir dövlət idarəsində, böyük şirkətlərdə ciddi işlərə götürmürlər. Əlacsız qalıb, xeyli müddət qara-qura işlərdə çalışdım. Bir dəfə isə təsadüfən, keçmiş tələbə yoldaşıma rast gəldim, tələbəlikdə də, sonralar da ona dəfələrlə yardım etmişdim, - Məsud bunu deməkdən özünü saxlaya bilmədi.

 

Görüşüb hal-əhval tutandan sonra, o dedi ki, Azərbaycanda biznes qurub, tez-tez Bakıya gedib-gəlir. Mən də başıma gələnləri ona danışdım, çox pis oldu, dedi, sənin savadına, qabiliyyətinə çox yaxşı bələdəm, sən gərək yük maşınında sürücü işləməyəsən... Dedim, bəs neynim, ciddi işlərə götürmürlər, dedi, al telefon nömrəmi, sabah günortadan sonra mənə zəng elə, sənə bir babat iş düzüb-qoşacağam, narahat olma! Amma bir az pul tapmalısan. Dedi çəkinmə, tanış adam var, sənin adına aşağı faizlə sələm götürəcəyik. Əvvəl qorxdum, dedim, qardaş, pul haqq-hesabı ilə bağlı başıma çox problemlər gəlib, mənə bu sələm-mələm lazım deyil. Dedi, narahat olma, sən çox bacarıqlısan, o pulu bir həftəyə qazanacaqsan. Nə isə, Diana xanım, axırda razılaşdım. Onun dediyi kimi elədim, yavaş-yavaş pul qazanmağa başladım, sən demə, mən əməlli-başlı tacir imişəm! - deyib cingiltili səslə güldü. Bakıya iki ildən çoxdu gəlib-gedirəm. Burda ev almaq, həmişəlik burada yaşamaq istəyirəm...

 

Bakı mənim arzularımın şəhərdir...

 

Bu şəhərdə insanlar azad yaşayır, mədəni və xoşsifətdirlər. Bakılı qadınlar xüsusilə, çox gözəldir... Sevdim bu şəhəri!

 

“Ehh, sən nə bilirsən axı! Bu şəhərin yalnız bəzəyini görmüsən...” - Diana köks ötürüb, ürəyində söyləndi.

 

Məsud isə xoşbəxtcəsinə danışırdı:

- Bizim uşaqlara da dayə lazımdı, bir neçə dayə dəyişmişəm, hərəsinin bir xüsusiyyəti xoşuma gəlməyib. Sənin xoş sifətini, gözütoxluğunu, təmizkarlığını görəndə öz-özümə dedim ki, axtardığın adam elə budur ki var!

 

Diana utanaraq “çox sağ olun” - dedi və gözlərini yerə dikdi.

 

Məsud da gülümsədi, “gedəkmi” - soruşdu, Diana ciddiyyətlə “gedək” - dedi...

 

(ardı var)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455

Oxşar yazılar