Şəhid Cəbrayıl Əsgərovun xatirəsi yad edilib
24 may 2013 15:59 (UTC +04:00)

Şəhid Cəbrayıl Əsgərovun xatirəsi yad edilib

Bu gün Səbail rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə malik qəsəbəsi olan Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə şəhid Cərayıl Əsgərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin valideynləri, ailə üzvləri, sinif yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsini ziyarət edib. Sonra məktəbin akt zalında şəhid Cərayıl Əsgərovun xatirəsinə həsr olunan «Donmuş arzular» adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Xatirə mərasimini 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova açıq elan edərək şəhid Cərayıl Əsgərovun uşaqlıq və məktəb illərindən danışıb. Qeyd olunub ki, Cəbrayıl Fəyaz oğlu Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Cəbrayıl Əsgərov Neft daşlarında çalışıb. Ermənilərin Qarabağda Azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl  1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına gedib və bir sıra qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və «Şəhidlər Xiyabanı»nda dəfn edilib.

 

Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Bu gün onun vaxtı ilə oxuduğu məktəb adını daşıyır. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz kişi, anası Bağdagül xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri «Şəhidlər Xiyabanı»nda şəhidin qəbrini ziyarət edirlər.  Məktəbdə təşkil olunan ədəbi-bədii tədbirdə şagirdlərinin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramoıa yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.

 

Tədbirin sonunda şəhidin valideynləri Cərayıl Əsgərovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildiriblər. 

# 547
avatar

Oxşar yazılar