Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarına yola düşüblər.
Lent.az-ın məlumatına görə, “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikanın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan 90 nəfər məktəblinin “Sahil bağı”da Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilib.
Şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub, müəllim, həkim və bələdçi təhkil olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turuş marşrutu, tədbir iştirakçıların qalacağı otellər və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar.
Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunmuş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər.