3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən əlil uşaqlar üçün tədbir keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbirdə Səbaildəki əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alanlar iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2485 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Hazırda rayon Sosial Müdafiə 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir: “Bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub, 2 nəfərə əlil arabası verilib, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub. Bu il müxtəlif kateqoriyalardan olan 87 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilib. Əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2012-2013-cü təhsil ilinin yekununda məktəbin məzunlarının 58%-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olub”.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirib. RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunub və maddi yardım göstərilib. Tədbirdə incəsənət xadimləri, klounlar mahnı və ifaları ilə uşaqları sevindiriblər.