Səbail rayon İcra Hakimiyyəti beynəlxalq əlillər günü münasibəti ilə rayon ərazisində yaşayan 150-dən çox əlillə görüşüb. İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA Əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan 150-dən çox əlil uşaq üçün «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətin və ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. O bildirib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2779 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. Əlillərin 293-ü 18 yaşa kimi uşaqdır. Hazırda rayon Sosial Müdafiə Mərkəzində 268 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.
Asif Əsgərov bildirib ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub, 2 nəfərə əlil arabası verilib, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub. Bu il müxtəlif kateqoriyalardan olan 88 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilib.
RİH tərəfindən avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» yay istirahət düşərgəsində, 100 nəfərin isə Qusar rayonundakı «Gənc Heydərçilər» düşərgəsində pulsuz istirahəti təşkil olunub ki, onların arasında əlil uşaqlar da var.
Həmçinin qeyd olunub ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2013-2014-cü təhsil ilinin yekununda məktəbin 161 məzununun 98-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olublar.
RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunub və maddi yardım göstərilib. Tədbirdə iştirak edən gənc və populyar müğənnilər Aslan Hüseynov, Şəbnəm Qəhrəmanova, Elçin Məmmədov, Zeynəb Nəsəni, Aynur İsgəndərli və Nicat, şən klounlar öz mahnı və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı ediblər.