Samuxda at yarışları ilə bağlı təlim keçirilib
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində təlimlərini davam etdirir.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Samux rayonunda gənc nəsil arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılmasıdır. Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində Samux şəhəri, Karayeri qəsəbəsi, Əhmədbəyli və Sərkar kəndlərinin gəncləri arasında təlim təşkil olunub. Təlimdə Mərkəzin direktoru Aygün Həsənzadə, layihənin təlimçisi Afərim Namazova, ekspert Raziyə Qasımova, Samux rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Rasim İmamquliyev iştirak ediblər.
Təlim zamanı Prezident kuboku uğrunda Azərbaycanda keçirilmiş cövkən oyunundan hazırlanmış video-rolik nümayiş olunub. Bu oyunda Samux 2- ci yerə çıxıb. Yarışda peşəkar at sürənlər və at sürməyə marağı olan gənclər iştirak edib. Onlar ilk dəfə çövkən oyununu canlı izləyiblər, yarış haqqında təlimatlandırılaraq çövkən oyunlarının tarixi və əhəmiyyəti haqqında məlumat verilib. Tədbirdə gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Tədbirin sonunda isə təlim zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.
Layihə çərçivəsində silsilə tədbirlər davam etdirilir.
250