Bu gün Jurnalist Qadınlar Assosiasiyası və Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq onun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub. Şəhid jurnalisitin ruhu bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub, məzarı önünə gül qoyulub.
Lent.az-ın məlumatına görə, anım mərasimində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Fransızdilli “Le Carrefour” qəzeti ilə birgə həyata keçirilən bu ideyanın məqsədinin Azərbaycanın qəhrəman jurnalisti, şəhid Salatın Əsgərovanın bu günkü nəslə tanıdılması olduğunu deyib. O, bildirib ki, orta nəsil jurnalistlər Salatın Əsgərovanı tanıyır və onun haqqında məlumata sahibdirlər. Müasir gənclərə, xüsusən gənc jurnalistlərə Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılması çox vacib işdir və bu, mühüm bir addım kimi qiymətləndirilə bilər.
Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova bildirib ki, "Молодежь Азербайджана" qəzetinin müxbiri olan Salatın Əsgərova Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxması, obyektiv məlumatların yayılmasına çalışırıb. Hazırda ölkəmizin təbliğatı naminə Azərbaycanın müxtəlif xarici dillərdə bilən jurnalistlərə ehtiyacı olduğu qədər həmin dövrdə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında məhz Salatın Əsgərova kimi rus dilini bilən, qəhrəman və vətənpərvər jurnalistlərə ehtiyac var. Salatın Əsgərova öz həyatını jurnalist peşəsinə qurban verib.
Həmin dövrdə Azərbaycanda cəbhədən yazan jurnalistlərin fəaliyyətindən söz açan, “Salatın Əsgərova mukafatı”na layiq görülmüş jurnalist Əntiqə Qonaqova ilk dəfə bu mukafatın məhz ona təqdim olunduğunu xatırladaraq, hər zaman bununla fəxr hissi keçirdiyini bildirib.
Azərtac-ın əməkdaşı, jurnalist Zərəngiz Mansurova öz çıxışında Salatın Əsgərovanın Vətənini sevən, mərd və cəsur Azərbaycan qadını olduğunu bildirib. O, müəllifi olduğu və şəhidlərə həsr etdiyi şeri səsləndirib.
“Xalq qəzeti”nin əməkdaşı Zərifə Rəşidqızı tədbirin təşkilatçılarına təşəkkür edərək, Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılmasının vacibliyini deyib.
Digər çıxışçılar da tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər və bu kimi tədbirlərin davamlı olmasına ümid etdiklərini deyiblər.
Tədbirdə ictimai fəal jurnalist qadınlar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, S.Əsgərova 1991-ci il yanvarın 9-a Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və jurnalist amansızcasına qətlə yetirilib.