"Tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin ixtisaslı müəllimlərlə təmin olunması işini daha da gücləndirəcəyik. Eləcə də tarixi abidələrin bərpası, turizmin inkişaf etdirilməsi prioritet məsələlərdir". Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Qaxın Heydər Əliyev Mərkəzində Şəki, Mingəçevir şəhərləri, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından vətəndaşları qəbulunda deyib.
6 bölgədən 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda xahiş və təkliflər tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin, xalq oyunları müsabiqəsinin və folklor festivallarının keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı olub.
Qax rayonunun Qum kəndində yarımçıq qalmış mədəniyyət evinin tikintisinin başa çatdırılması, rayonunun Əlibəyli kəndində Dövlət Gürcü Dram Teatrı üçün yeni binanın tikintisi, Şəki şəhərindəki "Sənətkar evi"nin şəhər mədəniyyət və turizm şöbəsinin balansına verilməsi, Şəkidəki tarix və mədəniyyət abidələrinin turizm marşrutuna daxil edilməsi barədə müraciətlər səsləndirilib.
Vətəndaşlar, həmçinin Qax rayonunda qədim dövrlərə aid Sarıca-Minbərək nekropolunun yerləşdiyi ərazidə qoruğun yaradılması, Ləkit kəndində qədim alban məbədlərinin bərpası, Zaqatala şəhərində mədəniyyət mərkəzinin yaradılması, Balakən rayonunda beynəlxalq festivalın keçirilməsi, turizm layihələri və digər məsələlərlə bağlı təkliflər veriblər.
Ə. Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edib, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb: "Bugünkü qəbulda abidələrin bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Bu bölgə tarixi abidələrinin zənginliyi ilə seçilir. Biz bu təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq".
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, musiqi və incəsənət məktəblərində təhsilin təşkili, azsaylı xalqların mədəni irsinin inkişaf etdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.
Vətəndaşların qəbulu başa çatandan sonra nazir və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir qarşıda duran vəzifələr və görüləcək işlərdən danışıb.