Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şadlıq sarayları ilə bağlı qəbul etdiyi standart bu il martın 1-dən qüvvəyə minib.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent. az-a açıqlamasında bildirib ki, martın 1-dən başlayaraq Nəzarət Xidmətinin əməkdaşları şadlıq saraylarında monitorinqlər keçirməyə başlayıblar.
Fazil Talıblı deyib ki, monitorinqlərin məqsədi standartın tələblərinin hansı səviyyədə icra olunmasını araşdırmaq, təhlillər aparmaqdır. Monitorinqlərin nəticəsi barədə yaxın vaxtlarda məlumat veriləcək. Onun sözlərinə görə, əvvəlcə standartın tələblərini yerinə yetirməyən şadlıq saraylarına irad məktubları təqdim olunacaq. Şadlıq saraylarına 1 ay vaxt veriləcək ki, həmin müddət ərzində nöqsanları aradan qaldırsınlar. İradnamənin möhləti bitdikdən sonra yenidən həmin müəssisədə nəzarət tədbirləri həyata keçiriləcək. Standartın tələblərinə məhəl qoyulmadığı aşkarlanarsa tədbirlər görüləcək.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, şadlıq saraylarının rəhbərlərinin hər birinin bu standartdan məlumatı var: “Məsuliyyətli şəxslər bu standartı əldə edib və işlərini standartın tələblərinə uyğunlaşdırıblar. Xəbəri olmayanları isə məlumatlandırmaq komitənin müfəttişlərinin vəzifə borcudur. ”
Qeyd edək ki, komitə dekabrın 26-da “Şadlıq saraylarının təsnifatı və qaydaları” dövlət standartını təsdiq edib. Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb.
Standarta əsasən, sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə soyuq qəlyanaltıları hazırlamaq üçün bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer, ət məhsullarının qəbulu, kəsilməsi üçün bölmə olmalıdır.
Sarayın zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Masalar kvadrat, düzbucaqlı və dairəvi olmalıdır.
Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilib. Mətbəxdə çalışan heyət 3 aydan, o biri heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq haqda arayış təqdim etməlidirlər. Sarayda çalışanların öz sahələri üzrə təhsili olmalıdır.