Öz qədimliyi, tarixiliyi ilə seçilən Azərbaycan bu gün bütün sahələrdə inkişafla xarakterizə olunduğu kimi turizm sahəsində də böyük irəliləyişə nail ola bilmişdir. Füsunkar təbiəti, göz oxşayan mənzərələri, qədim abidələri ilə seçilən vətənimiz gün keçdikcə digər ölkələrin millətlərinin marağını daha çox cəlb edir.
Elə Azərbaycanın bu gün malik olduğu iqtisadi inkişaf digər sahələrin tərəqqisinə rəvac verdiyi kimi turizm sahəsinin də genişlənməsinə dəstək olur. Azərbaycan Respublikasının Prezidenti məhz bu yöndə inkişafı stimullaşdırmaq və davamlı etmək üçün mühüm layihələr, dövlət proqramları, fərmanlar, sərəncamlara imza atır və onların icrasına daimi nəzarət edir. Elə onun qayğısının nəticəsidir ki, Azərbaycan get-gedə dünyada tanınır və turizm ölkələri sırasında yer alır.
Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin dinamik inkişafı üçün münbit şərait yaradılmış, bir çox yeni milli turizm kompleksləri istifadəyə verilmiş və onların rəqabətədavamlılığı yüksəldilmişdir.
Bu gün Azərbaycanda ən mühüm vəzifələrdən biri olan turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlər bununla da bitmir. Ölkədə turizm sahəsində mövcud olan problemlərin həlli və bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanmışdır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi əlverişli coğrafi mövqeyə, qədim mədəni-tarixi irsə, gözəl təbiətə malik olan ölkəmizdə turizmin inkişafı sahəsində mühüm nəticələr əldə olunduğunu göstərdi.
Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsini, respublikaya turist səfərlərinin ildən-ilə artımını nəzərə alaraq çoxlu sayda mehmanxana tipli turizm obyekti tikilərək istifadəyə verilir. Mehmanxanaların ilboyu istismarı beynəlxalq standartlara uyğun təmin olunur.
Elə bu obyektlərdən biri də Qəbələdəki “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksidir. Bu Kompleksin inşası bir daha göstərdi ki, ölkəmizdə turizm sahəsi yeni istiqamətlər üzrə öz mütəmadi inkişafını davam etdirir.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı