Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elm və texnologiya əsri kimi xarakterizə olunan XXI əsr elmin inkişafını daha da zəruriləşdirir. İntellektual potensial əhəmiyyətinə və üstünlüklərinə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Dövlətçiliyin müasir dövrlə vəhdətdə inkişafı, təhlükəsiz və sabit yaşayışın təmini təhsil siyasətində ehtiva olunur.
Müasir dövrdə dinamik inkişaf edən, beynəlxalq aləmin etibarlı bir üzvünə çevrilən Azərbaycan üçün də təhsil problemi olduqca aktualdır. Uzun müddət SSRİ tərkibində ümumi prinsipial təhsil qaydalarına adaptasiya olunmuş Azərbaycanın müstəqillik qazanması ilə yeni strateji konsepsiyaya keçməsi çoxşaxəli və uzunmüddətli olmuşdur. Lazımi ictimai mühit yaradılmadan perspektiv təhsilin həyata keçirilməsindən söhbət gedə bilməz. Modern Azərbaycan neft amilinin sıxışdırılmasına, insan kapitalının çevik inkişafına əsaslanan strateji konsepsiyasını reallaşdırır. Təbii ki, bu amil məhz təhsilə dayanır.
Azərbaycan 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Bolonya prosesinin həqiqi üzvü seçilmişdir. Respublikamızın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsinin, müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi ilə milli təhsilimizin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3 mindən çox tələbə xaricdə təhsil almağa göndərilib. Orada müxtəlif bilik və bacarıqlara yiyələnən, elmi nailiyyətlər əldə edən gənclərimiz öyrəndikləri təcrübəni ölkəmizə qayıdaraq tətbiq edir və yeni nəsilə ötürür. Danılmaz faktdır ki, Azərbaycanda əhalinin 90 faizdən çoxu oxuyub-yazma bilir və türk dünyasında ən yüksək orta təhsil Azərbaycandadır.
2004-cü il avqustun 21-də İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin əksər təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və həmin gün "Bilik günü" elan edilir. Ölkə prezidentinin sərəncamları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə son illərdə ölkəmizdə yüzlərlə məktəb tikilib, yaxud əsaslı şəkildə təmir edilib və ən son avadanlıqlarla təhciz edilib.
Unutmayaq ki, təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini də artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilinin uğurları, dövlət üçün əhəmiyyəti haqqında düşünməlidir. Çünki düzgün təhsil siyasətinin bərqərar olunması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əməkdaşlığını zəruri edən bir prosesdir.
Qarşıdan gələn yeni təhsil ilimiz mübarək! Biliklərimiz Vətənimizə, millətimizə xeyirli və uğurlu olsun!
Nailə Məmmədova
“Azerbaijan Realities”