Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
DİM mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 9-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 9-11 iyul 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.