Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ixtisaslaşma seçiminin nəticələrini elan edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 597 namizəddən 521 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur.
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə (Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə; Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə; Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə) qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməyi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.