“Reklam haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. Bu barədə Lent.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı qanun layihəsi hazırlanıb və İqtisadi-siyasət komitəsində müzakirə olunacaq. Vahid Əhmədov bildirib ki, 1997-ci ildə qəbul olunan “Reklam haqqında” qanunun dəyişilməsinə ehtiyac var: “O qanunun qəbul olunmasından xeyli müddət keçib. Ona görə də bəzi dəyişikliklərin edilməsi vacibdir. Bu gün bu sahədə əsas problem dillə bağlıdır. Söhbət Azərbaycan dilindən istifadə ilə bağlı boşluqlardan gedir. Ona görə də əlavə və dəyişikliklərdə dil məsələsi xüsusi diqqət mərkəzindədir. Bundan başqa, qanun layihəsində reklamların yerləşdirilməsi, məzmunu və digər məsələlər də əksini tapacaq”.
Millət vəkili bildirib ki, qanun layihəsi komitənin iclasında müzakirə ediləcək.