Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, müsabiqə "İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda olacaq.
Müsabiqə 2 mərhələ üzrə keçiriləcək. Birinci mərhələ 15 iyul-31 avqust, ikinci mərhələ isə 1-20 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrda müsabiqənin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək və qaliblər mükafatlandırılacaq. Ən yaxşı məqalələr “Elektron Hökumət” portalında elan olunacaq.
Müsabiqədə ən yüksək mükafat Qran Pri hesab olunacaq - 3000 manat. 1-ci yer - 2500 manat, 2- ci yer - 1500 manat, 3- cü yer - 1000 manat, 4-10-cu yerlər – noutbuklarla qiymətləndiriləcək. Bundan əlavə, hər bir iştirakçıya e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq “Azdatacom” internet xidməti (2 Mb/s) hədiyyə ediləcək.
Qeyd edək ki, müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və maraqlı olan digər şəxslər iştirak edə bilər. İştirak etmək istəyənlər www. e-gov.az portalında qeydiyyatdan keçməli və məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Son qeydiyyat tarixi 2013-ci il avqustun 28-idir. Müsabiqə üçün məqalələr [email protected] ünvana göndərilməlidir.