Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər çərçivəsində görüşlərini davam etdirib. Lent.az-ın məlumatına görə, ilk görüş Əlil Təşkilatları Koalisiyası ilə keçirilib. Təşkilatın sədri Losoncz Maria rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında azərbaycanlı həmkarlarına geniş məlumat verib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Mayis Əliyev, Rauf Zeyni və Məhluqə Rəhimova ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həyata keçirdikləri layihələr və dövlətin bu sahəyə ayırdığı diqqət haqqında danışıblar.
Avropa Roma Hüquqları Mərkəzində keçirilən görüşdə qurumun sədri Sinan Gökçən Macarıstandakı romanlar və digər milli azlıqlar haqqında ətraflı məlumat verib. O, Avropada 12-15 milyon, Avropa İttifaqı ölkələrində isə 8-9 milyon romanın yaşadığını qeyd edib.
Mərkəzin proqram rəhbəri Michal Zalesak Macarıstandakı romanların vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Şuranın nümayəndə heyətinin rəhbəri, Katibliyin icraçı direktoru F. Qurbanov Azərbaycanda milli azlıq məsələləri, tolerantlıq və birgə yaşayış modelinin konkret faktlara söykənərək dünyaya nümunə olduğunu söyləyib. F. Qurbanov Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü və Cənubi Qafqazda monoetnik dövlətə çevrildiyini qeyd edərək regionda sülhə və inteqrasiyaya başlıca təhlükə olduğunu vurğulayıb.
Laslo Battyani adına Roman-Katolik Mərkəzində baş tutan görüşdə görmə qabiliyyəti zəif olan uşaqların saxlanma vəziyyəti haqqında ətraflı məlumat verən Mərkəzin rəhbəri Feher Anna nümayəndə heyətini təşkilatın fəaliyyəti ilə yaxından tanış edib. O, Heydər Əliyev Fondu tərəfindən yaxın vaxtlarda Mərkəz üçün yeni Reabilitasiya və Təlim kompleksinin inşasına başlanacağını bildirərək bunun Azərbaycan və Macarıstan dövlətlərinin münasibətlərinin inkişaf səviyyəsinin bir göstəricisi olduğunu qeyd edib.
Keçirilən bütün görüşlərdə Macarıstanın vətəndaş cəmiyyəti nümayəndələrinə ölkəmizin müasir inkişafının əsas aspektləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi haqqında ətraflı məlumatlar verilib, onlara Şuranın dəstəyi ilə işıq üzü görmüş kitab, buklet və disklər, həmçinin Azərbaycanı tərənnüm edən xatirə hədiyyələri təqdim edilib.