Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. İclası giriş sözü ilə açan Şura sədri Azay Quliyev ikinci maliyyə yardımı müsabiqəsi ilə bağlı QHT-lərin fərdi və koalisiya formasında təqdim etdikləri layihələrdə mövzu aktuallığının və təşkilatların ümumi potensialının qiymətləndirilməsi məsələlərinin maliyyələşdirmə şərtləri sırasında önə çəkiləcəyini qeyd edib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, ikinci maliyyə yardımı müsabiqəsində 230 QHT-nin müraciəti qeydə alınıb və təklif edilən layihə mövzuları üzrə seleksiya işi həyata keçirilib. F.Qurbanov növbəti mərhələdə QHT-lərdən layihə təkliflərinin, eləcə də hesabatlarının qəbul edilməsi üçün təşkilatlara Şura tərəfindən xüsusi kod verilməsini tənzimləyən ərizə formasını təqdim edib.
Cari məsələlər sırasında Şuranın və Katibliyin fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınıb. Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.