“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının imzalanma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”da yerləşən satış məntəqəsində olub.
Mərasimi “Park-Bulvar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Malikqızı açıb. Sonra söz kitabın redaktoru Əkbər Qoşalıya verilib. O, kitabda intellektuallıqla eşqin, gerçək mənzərələrlə ruhun, ruhsallığın harmoniyaya gətirildiyini, bitkin mətnlər yaradıldığını qeyd edib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsini həyata keçirməkdə məqsəd gənc nəsillərə Türk dünyasını, oradakı insanımızı, mədəniyyətimizi, ortaq tariximizi daha yaxından tanıtmaq və onlarda sahiblənmə duyğularını daha da gücləndirməkdir.
Qeyd edək ki, kitabdan əldə olunacaq gəlir İraq türkmanı olan yetim bir qızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi”nə bağışlanacaq.