“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə bayram ərəfəsində Tovuzda ön cəbhədə əsgər və hərbiçilərlə geniş görüş keçirilib. Lent.az-ın məlumatına görə, 6 Qeyri-Hökumət təşkilatı fəallarının, "Tekfen İnşaat"ın Azərbaycan təmsilçisi Turgay Çabalar və DHA-nın Azərbaycan təmsilçisi Ali Kaanın da iştirakı etdikləri görüşdə Q. Paşayeva çıxış edərək bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Millət vəkili torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayıb.
Tədbirdə T.Çabalar və A.Kaan, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti, Salman Əliyev, “Şəhid Ailələrinə Sosial Dəstək”ictimai birliyinin sədri Almaz Zeynalova və digərləri çıxış ediblər.
Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə qonaqlar adından Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib və əsgər və hərbiçilərlə maraqlı söhbətlər edilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-i və T.Çabalar adından xidmətdə fərqlənən zabitlərə xüsusi mükafatlar təqdim olunub.
Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva qonaqlara Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər.
Daha sonra əsgər və hərbçilər üçün konsert proqramı verilib.