Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Türk Dünyası Bacıbey Festivalı çərçivəsində mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, millət vəkilinə mükafatı Meram bələdiyyə başqanı Fatma Toru təqdim edib. O bildirib ki, Q.Paşayeva bu mükafata Türk dünyasına göstərdiyi xidmətlərə görə layiq görülüb.
Konyada Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri, yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçirilən festival çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib. Bacıbəy anlayışının qədim tariximizdə böyük yeri olduğunu və qadınlarımızın tariximizin bütün mərhələlərində millətimizin inkişafı istiqamətində oynadığı böyük roldan danışan millət vəkili Türk Dünyasında Bacıbəy mükafatının onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydın qadınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Qənirə Paşayeva çıxışında “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə nə qədər güclənərsə, bu, Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib. Millət vəkili Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib: “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.
Q.Paşayeva tədbir çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistandan gəlmiş nümayəndə heyətləri ilə, Suriya Türkmənləri və Krım Türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb və onlara uğurlar diləyib.
Millət vəkili Q.Paşayeva Meramda fəal qadın təşkilatları, gənclər təşkilatları ilə də görüşüb və KİV-lərə geniş müsahibələr verib. O, həmçinin Türkiyənin bir sıra KİV-lərinə geniş müsahibələr verib. Millət vəkili İzmitdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.