Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Lent.az-ın məlumatına görə, Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb. Bunu parkın və abidənin açılışıda Efeler bələdiyyə başqanı Mesut Özakcan deyib. Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən fəryad edən ana abidəsi parkın mərkəzində ucaldılıb.
“Azərbaycan Bakı parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Efeler bələdiyyə başqanı, Efeler Türk Ocaqları başqanı çıxışlarında hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. Xocalı soyqırımı abidəsinin önündə toplaşan qonaqlar Efelerin mərkəzində “Azərbaycan Bakı parkı”nın və “Xocalı soyqırımı” abidəsinin bundan sonra efelilərin ən çox ziyarət yerinə çevriləcəyi deyilib.