Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyədə Axısxa Türklərinin sürgünün 70-ci ildönümü ilə bağlı Beynəlxalq Simpozium çərçivəsində Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və uğurlarına sevinir”.
Son vaxtlar Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışan Q. Paşayeva Ermənistanın bu gün də təxribat xarakterli əməllərini davam etdirməsi ciddi narahatlıq doğurur deyib.
Görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini vuğulayıb.
Millət vəkili N. Kurtulmuşa həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib.
Görüşdə iştirak edən Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova da işğal altında olan torpaqlarımızda məhv edilən mədəniyyətimiz barədə məlumatlar verib.