Millət vəkili Qənirə Paşayeva TÜRK PA Baş Katibi Jandos Asanov ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Ermənistanın işğalçılıq siyasəti, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında qardaş dövlət və toplumların səylərini daha da artırmasının vacibliyindən danışıb.
Q. Paşayeva Türk Akademiyasının rəhbərliyi ilə görüşündə isə ortaq türk tarixi dərsliklərinin türk dövlət və toplumlarında geniş yayılmasını vacibliyindən danışıb: “Türkdilli ölkələrinin ortaq tarix dərsliklərinin tədris edilməsinin böyük əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir”.
O, həmçinin, türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.
Millət vəkili Qırğızıstanın sabiq mədəniyyət naziri Altınbek Maksutov və Buryatiya Türklərinin ictimai xadimləri ilə də görüşdə Qarabağ həqiqətlərindən, qondarma erməni soyqırımı yalanlarından geniş danışıb. Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk soylu insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.
Millət vəkili bütün görüşlərdə Azərbaycan həqiqətləri ilə bağlı materialları qardaş dövlət və toplum rəsmilərinə, təşkilat rəhbərlərinə təqdim edib.