Millət vəkili Qənirə Paşayeva Türkiyə-Suriya sərhədində - Hatayda yerləşən Yayladağında Suriyadan köçkün düşmüş türkmənlərlə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı türkmən köçkünlər millət vəkilinə Suriyadan zülmdən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini, türkmən kəndlərin əksəriyyətinin boşaldığını, oradan yaşamağın mümkünsüzlüyünü deyiblər. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmənlər ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər.
Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i Suriya türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd yanaşmaqda qınayıb. O bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək verməlidir.
Millət vəkili bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar Suriyadan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır.
Qənirə Paşayeva qeyd edib ki, bundan sonra da bütün beynəlxalq platformalarda türkmənlərin səsini duyurmağa çalışacaqlar. Millət vəkili köçkün türkmən uşaqlar üçün salınmış məktəbi ziyarət edib, uşaqlarla görüşüb, sakinlərlə söhbətlər edib.