Samsun şəhərinin On Doqquz May Universitetində Xocalı Soyqırımının 22-ci il dönümünə həsr olunmuş konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Universitetin rektoru prof. dr. Hüseyn Akan, rektor köməkçisi Hakan Leblebiçioğlu, Türk Dünyası Araşdırmaları Cəmiyyətinin Akademik sözçüsü Kənan Ərzurumlu, universitetin professor və müəllim heyəti, millət vəkili, Azərbaycan Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva, onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak ediblər.
Konfransı açılış sözü ilə açan K. Ərzurumlu Azərbaycanın Türkiyə üçün böyük önəm kəsb etdiyini, bunun tarixən də bu gün də və gələcəkdə də belə olacağını dilə gətirib. “Xocalı soyqırımının anılması Azərbaycanın yaşadığı acıların unudulmaması üçündür. Biz oğuzsoylu dövlətlər olaraq, başda Azərbaycan olmaqla digər türk dövlətləri ilə fərqli bayraqlar daşıyan tək millətik”.
Q. Paşayevaya çıxışında 22 il əvvəl ermənilər tərəfindən törədilən və insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsini unutdurulmayacağını dilə gətirib. Daha sonra prof. Dr. Hüseyn Akan bugünkü konfransın əsas fikir obyekti olan Xocalı soyqırımının unudulmaması və dünyaya çatdırılması üçün bu cür konfransların böyük əhəmiyyəti olduğunu deyib: “Qənirə Paşayevanın bu işləri görməsi ürəkdən gəlir. Bu cür konfransların keçirilməsi türk gəncliyini eyni şüur, eyni fikir ətrafında toplaşmasına gətirib çıxaracaq”.
Konfransın sonunda Q. Paşayeva rektor prof.dr. H. Akana Azərbaycan tarixi gerçəkliyinə həsr olunan kitablar, və ölkəmizin tarix və mədəniyyətinə həsr olunan hədiyyələr təqdim edib.
Sonda tələbələrə həmmüəllifi olduğu və Türkiyə türkcəsində nəşr olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” və “Qaradağlı Soyqırımı şahidlərin dilindən” kitablarını imzalayıb, onların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirib.