Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva Ordu Universitetində keçirilən “ Bir millət iki dövlət: gələcək prespektivlər” mövzusunda konfransda iştirak edib.
Lent.az-ın verdiyi məlumata görə, konfransda Türkiyənin ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Qənirə Paşayeva Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsini vacib sayıb. Onun sözlərinə görə, bu əməkdaşlığın bütün Türk Dünyasının birliyi üçün bir təməl rolunu oynayır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlardan, soyqırımlardan danışıb. Qənirə Paşayeva qeyd edib ki, dünyanın bəzi ölkələri gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının yolu Türk Dünyasının birlikdə mübarizəsinin daha da gücləndirilməsi və həqiqətləri dünyaya daha da geniş yaymağa çalışmasından keçir: “Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır”.
Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb. O, türk diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsini vacib hesab edib: “İnşallah, gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik.
Tədbirin sonunda millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərinin yayılmasındakı xidmətləri ilə bağlı plaket və təşəkkürnamə təqdim olunub. Plaketi millət vəkilinə Ordu Universitetinin rektoru Tarık YARILGAÇ. təqdim edib.