Qanunvericilik pasientlərin hüquqlarını necə qoruyur?
22 fevral 2013 12:36 (UTC +04:00)

Qanunvericilik pasientlərin hüquqlarını necə qoruyur?

Son illər pasientlərin hüquqlarının pozulması demək olar ki, adi hal alıb. Hətta vəziyyət o həddə çatıb ki, həkimə müraciət edən xəstə yanlış diaqnoz qoyulması və yanlış müalicə aparılması səbəbindən ya şikəst olur, ya da həyatdan məhrum olur.  Lent.az-ın məlumatına görə, pasientlərin hüquqlarının etibarlı şəkildə müdafiəsi ilə bağlı hüquqi bazanın olmaması, xəstələrin səhv diaqnozların və müalicələrin aparılması səbəbindən həyat və sağlamlıqlarını itirməsi hallarının artması həkimlərə və səhiyyə xidmətinə vətəndaşların etibarsızlığını, inamsızlığını yaradır. Bu səbəbdən də, vətəndaşlarımız müalicə üçün qonşu dövlətlərə üz tutur.

 

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin sədri Anar Bağırov bildirib ki, Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur. Onun sözlərinə görə, qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasientlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb.  Vəkil bildirib ki, həmin maddədə qeyd olunur ki, pasientin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla pasientin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var: “Qanunda göstərilir ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazrliyinə və ya məhkəməyə müraciət edə bilər. Lakin təcrübədə bu müraciətlər əksər hallarda müsbət nəticələr vermir”.

 

A.Bağırovun sözlərinə görə, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi isə tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Mülki Məcəllənin tələbinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərər vuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir: “Xəstəyə kömək göstərməmə, qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə, təhlükədə qoyma və

digər hallarda cinayət qanunvericiliyi həkimin cinayət məsuliyyətinə cəlb edilməsi əsaslarını yaradır”.

 

Vəkil hesab edir ki, pasientlərin sağlamlığına həkimlərin səhvi və səhlənkarlığı nəticəsində vurulan ziyanın ödənilməsi və həkimlərin məsuliyyət məsələsi bu qanunla tam tənzimlənmir. Onun sözlərinə görə, qanunvericilikdəki bu boşluq təcrübədə ciddi problemlər yaradır: “Pasientin hüquqlarının qorunması ilə əlaqədar dünya ölkələri "Pasientin hüquqları haqqında Avropa Xartiyası", "Pasientin hüquqlarının təminatına yardım haqqında bəyannamə", "Pasientin hüquqları haqqında Lissabon bəyannaməsi" və s. kimi mühüm əhəmiyyət kəsb edən sənədlər qəbul edib. Dünya ölkələrində pasient-həkim münasibətlərinin tənzimlənməsi üçün fərqli təcrübələr var. Yunanıstan, İslandiya, İsrail, Litva, Finlandiyada bu sahədə ayrı qanun qəbul edilib, bir qrup ölkələrdə əhalinin sağlamlığı haqqında qanunda pasientlərin hüquqlarının müdafiəsi ilə bağlı müddəalar əksini tapıb. Üçüncü qrup ölkələrdə isə (Çexiya, Fransa, Böyük Britaniya və digərləri) pasiyentin hüquqları haqqında Xartiyanı əsas götürülür. Həmin beynəlxalq sənədləri rəhbər tutan ölkə olaraq, Azərbaycanda da "Pasientin hüquqları haqqında" qanunun qəbuluna, bu sahədəki qanunveriicliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar