Noyabrın 28-də prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verib ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görülüb, qum-çınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənib. 144 metr uzunluğunda müxtəlif diametrli suötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.
Prezident Sabirabada səfəri çərçivəsində, həmçinin, əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında da iştirak edib.