Prezident İlham Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbdə Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Burada yaradılan şəraitlə tanışlıq zamanı prezidentə məlumat verilib ki, Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilib. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşüb. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə aparılan islahatlar Qoxmuq kənd tam orta məktəbinin həyatında da mühüm rol oynayıb. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanıb. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr olan bina üçmərtəbəlidir.
Bildirilib ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.
Daha sonra prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində də iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edib ki, ümumi sahəsi 19,8 min kvadratmetr olan beşmərtəbəli kompleksin inşasına 2012-ci ilin noyabrında başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilən binanın foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Bildirilib ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Binada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Buradakı müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir. Kompleksdə Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamına əsasən, bütün zəruri tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, Şəki Məhkəmə Kompleksinin yerləşdiyi ərazidəki rayon məhkəməsinin köhnə inzibati binası yenidən qurulub. İkimərtəbəli binada Şəki rayonu üzrə icra şöbəsinin, Şəki rayon qeydiyyat şöbəsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin fəaliyyəti üçün hər cür şərait var. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb, mərasimdə çıxış edib.
Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.
Sonda prezident İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Burada Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.
Azərbaycan Prezidentinə məlumat verilib ki, rayonun tələbatı nəzərə alınaraq biri 160, digəri isə 100 yerlik olmaqla iki yeni məktəbəqədər təhsil müəssisəsi üçün binaların inşası yekunlaşdırılıb və istifadəyə hazırdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.
Diqqətə çatdırılıb ki, Şəkidə fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə də tanış olub.
Bildirilib ki, ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.
Dövlətimizin başçısı kompleksdə hazır nümunəvi otaqlara baxıb.
Diqqətə çatdırılıb ki, kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq.
Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış olub. Kotteclərin hər biri müasir standartlar səviyyəsində inşa olunub. Bildirilib ki, burada yaradılacaq süni göl kompleksə xüsusi yaraşıq verəcək. Kompleksin ərazisində uşaqlar üçün su attraksionları və böyük hovuz qurulacaq. Kompleks istifadəyə veriləndən sonra burada müxtəlif əyləncə bölmələri də fəaliyyət göstərəcək. Məsələn, 6 boulinq xəttinin olduğu mərkəz, mini futbol, tennis və basketbol meydançaları, 500 nəfərlik amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes zalı, müxtəlif müalicə prosedurlarının aparılacağı otaqlar kompleksin özəlliyini daha da artırır. Bu müalicə və istirahət kompleksinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.
Dövlət başçısı inşaat işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini verib.