Prezident İlham Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən On iki min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi öz öhdəsinə götürüb.